5 Dekabr, 2016
Natiq Əliyev Vyanaya gedir-Azərbaycanı təmsil edəcək

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.Bu barədə nazirliyin mətbuat xidmətindən Simsar.az-a  məlumat verilib. Məlumatda deyilir: “Azərbaycan dünya bazarlarında neft qiymətlərinin sabitləşdirilməsi baxımından vacib hesab etdiyi görüşdə dövlət başçısının razılığı ilə iştirak etməyi qərara alıb. Azərbaycan bazarda tarazlığın təminatı və qiymətlərin qalxmasına yönəlmiş məsləhətləşmələrdə aktiv iştirak edir. Natiq Əliyev Rusiyanın energertika naziri Aleksandr Novakla telefon danışıqları keçirib və rəsmi Bakı bu prosesə öz dəstəyini ifadə edib. Ümid edirik ki, OPEK-in digər istehsalçılarla növbəti görüşü böyük əhəmiyyət daşıyacaq”.

Qeyd edək ki, bu görüşün Moskvada keçrilməsi planlaşdırılsa da, daha sonra təxirə salınaraq dekabrın 10-u Vyanaya keçirilmişdi.

Noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!