23 May, 2011
Azərbaycan Suriyaya qaz sata biləcək

"Onlar desə alırıq, biz də satacağıq”

Suriyada baş verən hadisələr Azərbaycanın bu ölkəyə qaz satmaq planlarına təsir etməyib.

Bu barədə “APA-ECONOMICS”ə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

“Bizdə qazın satışı üçün demək olar ki, hər şey hazırdır. Onlar desə alırıq, biz də satacağıq” - deyə vitse-prezident qeyd edib.

Bununla yanaşı, E.Nəsirov Suriyaya qaz satışına bu ölkədə baş verən hadisələrin təsir edəcəyini istisna etməyib: “Bu planların reallaşması son nəticədə orada baş verən proseslərin necə nəticələnəcəyindən asılı olacaq. Suriya tərəfinin bizdən qaz almaq niyyəti var. Amma əgər iğtişaşlar davam etsə, bəlkə onlar heç qaz almadılar? Əgər ölkə qaz almırsa, biz necə satacağıq?”

ARDNŞ rəsmisi bildirib ki, Suriyada iğtişaşlar başlayandan Azərbaycan tərəfi ilə heç bir təmas olmayıb: “Azərbaycan qazını texniki cəhətdən Suriyaya çatdırmaq üçün Türkiyə ərazisində boru kəmərləri tikilib qurtarmalıdır. Bu işlər isə hələ davam edir və ilin sonuna qədər tamamlanması gözlənilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!