21 May, 2011
Fransada Azərbaycan Mədəniyyəti günləri

Azərbaycan-Fransa Gənclik Assosiasiyası (AFGA) Azərbaycan mədəniyyəti günləri çərçivəsində Fransanın bir sıra şəhərində mədəni tədbirlər keçirəcək.

Simsar.az-ın xəbərinə görə, bu məqsədlə 23-24 may tarixlərində Strasburq şəhərində 1999-cu ildən fəaliyyət göstərən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (FATA) və Strasburq Azərbaycan evinin əməkdaşlığı ilə Fransanın Strasburq Universitetində “Qədim, müasir və gələcək Azərbaycan” mövzusunda sərginin keçirilməsi nəzərdə tutulub. İki gün davam edəcək tədbir zamanı Azərbaycan tarixini əks etdirən müxtəlif eksponatlarla yanaşı, Azərbaycan Fotoqraflar Birliyinə (AFB) üzv fotoqrafların fotoları, o cümlədən də bir fransız turistinin Azərbaycana dair xatirə şəkilləri sərgilənəcək. Eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivlərindən bəhs edən video-çarxlar da nümayiş olunacaq. Tədbir eyni şəkildə Monpelye və Tuluza şəhərlərində davam edəcək. 
Keçiriləcək tədbirlərin əsas məqsədi Azərbaycanın tarixini, milli irsini, özünəməxsus mədəniyyətini və eləcə də inkişaf etməkdə olan turizm sahəsini Fransa ictimaiyyətinə təbliğ etməkdən ibarətdir.
Fransada Azərbaycan mədəniyyət günləri Azərbaycanın bu ölkədəki səfirliyi və Strasburqdakı nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Azərbaycan Fransa Gənclik Assosiasiyası 2003-cü ildə Parisdə təsis olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!