16 Noyabr, 2016
Nəsibə Zeynalovanın 100 illiyi qeyd olunacaq-24 noyabrda

Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş qüdrətli sənətkar, parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Respublikasının Prezidenti “Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında” 17 mart 2016-cı il tarixli Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 24 noyabr 2016-cı il tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcəkdir.

Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışmış həmkraları – Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcəklər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib: “Sərəncama uyğun olaraq milli mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş korifey sənətkar, fitri istedadı ilə xalqımızın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuş, parlaq yaradıcılıq yoluna malik olan Nəsibə Cahangir qızı Zeynalovanın 100 illik yubiley tədbiri 24 noyabr 2016-cı il tarixində keçiriləcək. Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N. Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərginin teatrımızda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin “Nizami” Kino Mərkəzində nümayişi və qüdrətli sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ. Rəhimli) və foto-albomun nəşr edilməsi nəzərdə tutulur.”

Qeyd edək ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakı şəhərində vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!