21 May, 2011
Azərbaycan Gömrükü Monqolustan Gömrükünə it hədiyyə edəcək

Belə hədiyyələr Bolqarıstan, Moldova, Rumıniya, Türkiyə, Gürcüstan və Makedoniya gömrük xidmətlərinə də verilib

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Monqolustan Baş Gömrük İdarəsinə təlim keçmiş iki baş it hədiyyə edəcək. Bu barədə Simsar.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokola uyğun olaraq Monqolustan 2 mütəxəssisi Azərbaycana səfər edib. Onlar DGK-nın Kinoloji Mərkəzində yerli kinoloqların təcrübəsindən yararlanmaq məqsədilə təlim kursları keçirlər. Bir ay davam edəcək təlim kurslarında monqolustanlı kinoloqlar xidməti itlərdən narkotik vasitələrin, silah-sursatın axtarışında daha da səmərəli istifadə etməyi öyrənəcək, eyni zamanda gündəlik iki saat müddətində tədris materiallarının köməyi ilə nəzəri təcrübədən yararlanacaqlar.

Qeyd edək ki, DGK tərəfindən indiyədək Bolqarıstan, Moldova, Rumıniya, Türkiyə, Gürcüstan və Makedoniya gömrük xidmətlərinə də təlim keçmiş itlər verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!