21 May, 2011
Ərdoğan Azərbaycan xalqına və prezidentinə təşəkkür etdi

Türkiyənin baş naziri Qarsda Heydər Əliyevin adını daşıyacaq liseyin təməlqoyma mərasimində iştirak edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsda Heydər Əliyevin adını daşıyacaq liseyin təməlqoyma mərasiminə qatılıb. Simsar.az türkiyə televiziyalarına istinadən xəbər verir ki, Mərasimdən əvvəl keçirilən seçkiöncəsi mitinqdə Türkiyənin hökumət başçısı ölkəsinin Azərbaycan və Ermənistanla münasibətlərindən danışıb. Türkiyənin Azərbaycanla əbədi və əzəli qardaş olduğunu deyən Ərdoğan Ankaranın Ermənistana da bütün xoş niyyətlə əl uzatdığını və qarşılığını gözlədiyini bildirib.

“Mən adətən təməlqoyma mərasimində iştirak etmirəm, belə mərasimlərdə dostlarım iştirak edərlər. Amma bəzi istisnalar var. Bu gün Qarsda Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Yenişehir Məhəlləsində inşa olunacaq və Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adını daşıyacaq liseyin təməlqoyma mərasimində iştirak edirik, xeyirli olsun. Azərbaycan xalqı və dövlət başçısına bütün millətim və öz adımdan təşəkkürlərimi bildirirəm”, - deyə o vurğulayıb.

Naxçıvanla əlaqələrə toxunan baş nazir Muxtar Respublika ilə əlaqələrin olduqca mühüm olduğunu deyib: “Bakı-Tiflis-Qars dəmiryolu və bütün bunlarla birlikdə Azərbaycan-Türkiyə əlaqələri yüksəlişlə davam edir. Bu lisey ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə səbəb olacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!