21 May, 2011
Əsir düşmüş azərbaycanlı haqqında film çəkilir

“Salnamə” studiyasında “Medo” adlı yeni sənədli filmin istehsalına başlanılıb.

Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Tahir Əliyev və Elxan Əsgərov, operatoru Elxan Rüstəmovdur. Studiyadan Lent.az-a verilən məlumata görə, film II Dünya Müharibəsi illərində əsir düşmüş və ömrünün sonuna kimi Hollandiyada yaşamış həmyerlimiz Məmməd Məmmədov haqqındadır. Filmin bəzi çəkilişləri Hollandiyanın bir neçə şəhərində aparılıb. Digər çəkilişlər isə iyulda Zaqatalada gerçəkləşəcək. Həmin vaxt M. Məmmədovun ailəsi də Azərbaycana gələcək.
Qeyd edək ki, Məmməd Məmmədov 1923-cü il mayın 3-də Azərbaycanın Muğanlısında dünyaya göz açıb. 1941-ci ildə Sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. 1942-ci ildə Ukraynanın Don şəhəri ətrafındakı döyüşlər zamanı əsir düşüb. O, II Dünya Müharibəsi zamani almanlara əsir düşən bir çox gənc azərbaycanlı kimi Hollandiyaya pənah gətirib, Antifaşist Müqavimət hərəkatının üzvü olub, müharibədə qəhrəmanlıqlara və müharibədən sonrakı yenidənqurma işlərində böyük işlərə imza atıb. 


Hollandiyanın ən yüksək “Oranc-Nassau Kral ailəsinin Cəngavəri” ordeni sahibi, “Müqavimət döyüşçüsü” və “Sədaqətli xidmət” medalları ilə təltif edilib, Ostervəjk şəhərinin ilk Fəxri Vətəndaşı olub. Bu şəhərdə hamı onu ehtiramla “Medo” kimi xatırlayır. Çünki Məmməd Məmmədov müharibə dövründə məhz “Medo” ləqəbi altında Niderland müqavimət hərəkatına qoşulub.


Məmməd Məmmədov 2003-cü il yanvar ayının 9-da Hollandiyanın Ostervəjkin şəhərində vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!