20 May, 2011
Azərbaycan jurnalistləri Almaniyada dərs keçə bilər

Berlin Jurnalistika Məktəbi yeni layihəyə start verir

Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Almaniyanın Berlin Jurnalistika Məktəbinin (BJM) professoru Klemens Şölün iştirakı ilə dəyirmi masa keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqidir. Qeyd olunub ki, MŞ bu məqsədlə xarici ölkələrin media qurumları və institutları ilə əlaqə saxlayır, onların təcrübəsinin öyrənilməsi, jurnalist kadrlarının hazırlanması, peşəkarlıqlarının təkmilləşməsi istiqamətində tədbirlər həyata keçirir: «Bir neçə gün öncə ABŞ-ın Minnesota Universitetinin professoru Ceyn Körtlinin «Media hüququ» kitabının ana dilimizdəki nəşrinin təqdimatını keçirdik. Bugünkü qonağımız isə Berlin Jurnalistika Məktəbinin professoru Klemens Şöldür. Onu deyim ki, bu məktəb dünyanın nüfuzlu jurnalistika institutlarından sayılır. Cənab Şöl Bakıya təmsil etdiyi qurumun layihəsi ilə bağlı təşrif buyurub».
Klemens Şöl BJM-in həyata keçirdiyi layihə barədə məlumat verib. O bildirib ki, «Mətbuat - xalqlar arasında vasitəçi kimi» adlı layihə müsabiqə əsasında seçilmiş Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlərin 3 aylığa Berlinə dəvət olunmalarını və bu müddətin 2 ayını hansısa alman mətbuat orqanında işləmələrini, təcrübə mübadiləsi aparmalarını nəzərdə tutur: “Noyabrın 30-u sənəd qəbulunun son vaxtıdır. Başlıca şərtlərdən biri alman dilini bilməkdir. Biz əsasən 25-35 yaşları arasında olan, jurnalistika ilə peşəkar şəkildə çalışan şəxslərə üstünlük veririk. Layihə 2003-cü ildən davam edir. İndiyədək proqramda 140-dan artıq jurnalist iştirak edib. Proqram Robert Boş Fondu tərəfindən maliyyələşdirilir. Ümumiyyətlə, Berlin Jurnalistika Məktəbi dövlət təşkilatı deyil”.
Görüşdə «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək təşəbbüsü yüksək qiymətləndiriblər.
Tədbirdə çıxış edən digər iştirakçılar da layihənin Azərbaycan jurnalistikası üçün faydalı cəhətlərindən söhbət açıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!