20 May, 2011
İngiltərə seçkini boykot etdi

İngiltərə Futbol Assosiasiyası Şurası (FA) iyunun 1-də keçiriləcək FİFA prezidenti seçkisində səs verməməyi qərara alıb.

Simsar.az-ın məlumatına görə, FA-nın yaydığı bəyanatda bildirilir ki, FİFA rəhbərliyinə qarşı son gurultulu korrupsiya ittihamları ilə əlaqədar nə hazırkı prezident Yozef Blatterə, nə də Asiya Futbol Konfederasiyasının rəhbəri Məhəmməd bin Hammama dəstək vermək olar. 

Sənəddə deyilir: “Biz dünya futbolunun xeyrinə olan istənilən dəyişiklik üzərində ciddi çalışacağıq”.

İngiltərə 2018-ci il dünya çempionatına təşkilatçılıq uğrunda mübarizədə çox ağrılı məğlubiyyətdən sonra FİFA rəhbərliyinə qarşı geniş kampaniyanı davam etdirir. Həmin səsvermədən “futbolun beşiyi” cəmi 2 səs alıb, turnirin təşkilatçılıq hüququ isə Rusiyaya həvalə olunub. Ötən həftə FİFA İcraiyyə Komitəsinin 6 keçmiş və yeni üzvlərinə qarşı növbəti ittihamlar ortaya çıxıb. Bu ittihamları FA-nın keçmiş sədri Devid Trismen və “Sunday Times” qəzeti səsləndirib. 2010-cu ilin noyabrında ingilislərin verdiyi nişanla dünya çempionatının təşkilatçı ölkəsinin seçimi zamanı səsini satmağa cəhd edən FİFA İcraiyyə Komitəsinin daha 2 üzvü səsvermədən kənarlaşdırılıb.

Son ittihamlar 2022-ci il dünya çempionatının keçirilmə yerinin seçimi ilə bağlıdır. Qətər Sifariş Komitəsini İcraiyyə Komitəsinin üzvlərini satın almaqda ittiham ediblər. FİFA araşdırmaya başlasa da, baş verənlər həm hazırkı prezident Yozef Blatterin, həm də öz ölkəsi Qətərin qələbəsini təmin etmiş əsas şəxslərdən sayılan Məhəmməd bin Hammamın nüfuzunu kölgə altına alıb. Qərar mayın 27-dək çıxarılmalıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!