20 May, 2011
Rusiyada təhsil almaq istəyənlərə xəbər

Sabah qəbul imtahanıdır

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabah Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək”. APA-nın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın 25-dən artıq ali təhsil müəssisəsində bakalavriatura səviyyəsində 48, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ) ödənişsiz əsaslarla təhsil almaq üçün 3, Rusiya Xalqlar Dostluğu Universitetinin filologiya ixtisaslaşması üzrə magistraturasında Azərbaycan gənclərinin dövlət hesabına təhsil almaları üçün 2 plan yeri ayrılıb. 

N. Babayev deyib ki, MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 30, Rusiyanın digər ali təhsil müəssisələrində qəbul imtahanında iştirak etmək üçün 87, Rusiya Xalqlar Dostluğu Universitetinin magistraturasının qəbul imtahanında iştirak etmək üçün 4, ümumilikdə 121 gənc qeydiyyatdan keçib.

Test imtahanı nəticəsində bakalavriatura səviyyəsində I ixtisas qrupunda 350 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər ikinci mərhələyə - müsahibəyə buraxılacaq. TQDK-da mayın 23-də keçiriləcək müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsinin abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi, eləcə də ümumi dünya görüşü yoxlanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!