27 Oktyabr, 2016
Dahi bəstəkarın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının doğum günüdür. Asəf Zeynallı 1909-cu ildə Dərbənddə dünyaya gəlib. O, 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə A.Zeynallı türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar. Azərbaycan musiqi tarixində ilk romanslar A.Zeynallının adı ilə bağlıdır. A.Zeynallı həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X. Nəzirli və S. Rüstəmin “Alov”, A. Həmidin “Hind qızı”, V. Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib.“Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. A.Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota alıb.Görkəmli bəstəkar 1932-ci ildə ağır xəstəlikdən vəfat edib. Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!