20 May, 2011
“Eurovision 2012”-dək “Bakının nəqliyyat şəbəkəsi tam hazır olacaq”

“Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinədək paytaxtın nəqliyyat şəbəkəsi tam mükəmməl hala gətiriləcək”.

Bunu Simsar.az-a Nəqliyyat Nazirliyinin şöbə müdiri Namiq Həsənov bildirib. N.Həsənov hazırda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Qələbə”, “Azadlıq”, “Azneft” meydanlarında, “Neftçilər”, “Parlament”, Heydər Əliyev prospektlərində, həmçinin Ziya Bünyadov, Bülbül, Zərifə Əliyeva küçələrində müxtəlif yol nəqliyyat qovşaqlarının tikildiyini xatırladıb.


Şəhidlər Xiyabanının qarşısında 7 keçidli müasir tipli keçidin tikiləcəyini bildirən nazirlik rəsmisi bir sıra yolların da istifadəyə veriləcəyini deyib. N.Həsənov xüsusilə Bakı dairəvi yolunun bir hissəsi kimi təqdim olunan Mərdəkan-Bilgəh-Sumqayıt yolunun yüksək keyfiyyətlə tikildiyini və işin böyük bir qisminin geridə qaldığını söyləyib.


N.Həsənov sonda qeyd edib ki, bütün bu işlər paytaxt əhalisinin rahatlığına xidmət edir. Həmçinin, gələn il paytaxtımızda keçiriləcək “Eurovision 2012” müsabiqəsinədək bütün yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətdə olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!