21 Oktyabr, 2016
Xəlil Rza Ulutürkün doğum günüdür

Görkəmli Azərbaycan şairi Xəlil Rza Ulutürkün doğum günüdür. 1932-ci ildə Salyanın Pirəbbə kəndində dünyaya gəlmiş şair 2saylı şəhər orta məktəbində təhsil alıb. Salyan şəhər kitabxanasının ədəbiyyat dərnəyinin üzvü olub. İlk mətbu şeri "Kitab" 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən "Gənclər günü" məşğələlərində fəal iştirak edib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə "Azərbaycan qadını" jurnalı redaksiyasında işə başlamış, burada ədəbi işçi vəzifəsində çalışdığı iki ildə (1955-1957) dövri mətbuatda çap etdirdiyi məqalə və şerlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar ittifaqının üzvü seçilir. Onun ilk şerlər toplusu – "Bahar gəlir" (1957) kitabı da nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərməsi də gənc şairin gələcəyinə inamla bağlı idi. Xəlil Rza Institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olur. Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı.

1994-cü il iyunun 22-də böyük şair dünyaya gözlərini əbədilik yumub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!