27 Sentyabr, 2016
UNEC-də yeni layihə: “Lider müəllim-Lider universitet”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider müəllim–Lider universitet” layihəsinə start verilib. Universitetin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə layihənin əsas məqsədi UNEC-in professor-müəllim heyətinin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.

Layihəyə uyğun olaraq pedoqoji heyət arasında “Lider müəllim – innovativ müəllim”, “Lider müəllim – peşəkar müəllim”, “Lider müəllim – tədqiqatçi müəllim”, “Lider müəllim – sevimli müəllim”, “Lider müəllim – təşəbbüskar müəllim”, “Lider müəllim – ixtiraçi müəllim” və “Lider müəllim – özünü inkişaf etdirən müəllim” kriteriyaları üzrə müsabiqə keçiriləcək.

“Lider müəllim – innovativ müəllim” və “Lider müəllim – təşəbbüskar müəllim” üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki “Tələbə Məmnunluq Anketini”ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

“Lider müəllim – innovativ müəllim” kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron Universitet Modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. “Lider müəllim – təşəbbüskar müəllim” kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.

Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.

 

Simsarı.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!