16 Sentyabr, 2016
Rauf Mirqədirov Almaniyaya getdi

Sentyabrın 16-da siyasi icmalçı və keçmiş məhbus Rauf Mirqədirov Almaniyaya yola düşüb. Simsar.az xəbər verir ki, bu barədə Rauf Mirqədirovun özü Meydan TV-yə məlumat verib. O, Frankfurta və ordan da 3 günlük seminarda iştirak etmək üçün Varşavaya yola düşəcək. Rauf Mirqədirov beynəlxalq tədbirdən sonra İsveçrədə məskunkaşan ailəsinin yanına gedəcək: "Məhkəmə mənim ölkəni tərk etməklə bağlı iddiamı təmin edib. Ona görə mən həbs olunandan sonra İsveçrədə məskunlaşan ailəmin yanına gedəcəm". Amma siyasi icmalçı ölkəyə qayıdıb-qayıtmaması barədə sualı cavablandırmayıb: "Hələ bu barədə heç nə deyə bilmərəm".

R.Mirqədirovun vəkili Fuad Ağayev “Qafqazinfo”ya açıqlama verərək bildirib ki, müvəkkilinin ölkədən çıxışına təxminən 2 ay öncə icazə verilib: “Təxminən iki ay öncə Yasamal rayon məhkəməsində müracitətimizə baxıldı və təmin edildi. Qərar əsasən, Rauf Mirqədirovun sentyabr və oktyabr ayı olmaqla iki ay müddətinə ölkədən çıxışa icazə verildi”.

R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Martın 17-də Bakı Apellyasiya Məhkəməsi jurnalistə 5 il şərti həbs cəzası verməklə onu azad edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!