15 Sentyabr, 2015
Qənirə Paşayeva yeni dərs ilinin başlanması münasibəti ilə Tovuzda müəllim və şagirdləri təbrik edib

Simsar.az xəbər verir ki, Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva yeni dərs ilinin başlaması münasibəti ilə məzunu olduğu Düz Qırıqlı kənd orta məktəbində müəllim və şagirdlərlə görüşüb, onları yeni dərs ili münasibəti ilə təbrik edib. Düz Qırıqlı məktəbinin yüksək  səviyyədə  təmir edildiyini və avadanlıqlarla təmin edildiyini deyən millət vəkili Qənirə Paşayeva "siz artıq Azərbaycanın ən gözəl məktəblərindən birində oxuyursunuz və inanırıq ki, bunu layiqincə qiymətləndirib daha yaxşı göstəricilərlə təhsil alacaqsınız" deyib. Müəllimlər məktəbin yüksək səviyyədə təmiri və avadanlıqlarla təhciz olunduğu üçün dövlət başçısına təşəkkür ediblər.

Millət vəkili Qənirə Paşayeva məhz bu dəstək nəticəsində məktəbdə gənclərin idmanla, yaradıcılıqla, müxtəlif peşələrlə məşğul ola bilməsi üçün yüksək səviyyədə bütün şəraitin yaradıldığını deyib və bildirib ki, bu imkanlardan gənclərimizin maksimum yararlanması üçün müəllimlərimiz, məktəb kollektivi səylərini daha da gücləndirməlidir. Millət vəkili məktəbliləri təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız şou proqramlar və teleseriallar qarşısında keçirməməyə çağırıb.

Gəncləri təhsillə ilə bərabər boş qalan zamanlarında onlara maraqlı sahələrdə kitab oxumağa səsləyən millət vəkili həyatınızda ən böyük zənginliyi oxumaqla əldə edə bilərsiniz deyib. Millət vəkili gənclərə ölkəmizin tarixi, ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb. Eyni zamanda xarici dilləri öyrənmənin önəmi ilə də bağlı fikirlərini bölüşən millət vəkili Qənirə Paşayeva gəncləri bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva müəllimləri gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: "Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,", - millət vəkili Qənirə Paşayeva deyib. O, bildirib ki, gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaret, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir və məktəblilərimiz arasında bu zərərli vərdişlərin artmaması üçün mübarizəmizi daha da gücləndirməli, maarifləndirmə işini gücləndirməliyik. Görüşün sonunda Qənirə Paşayeva müəllim və şagirdlərə müəllifi olduğu kitabları, o cümlədən Azərbaycan tarixi ilə bağlı maraqlı kitabları imzalayaraq hədiyyə etməklə yanaşı, məktəbin kitabxanasına gənclərin oxuması üçün çoxlu sayda kitablar təqdim edib.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!