Ey kövrək xəzan çağı!
O qızıl yarpağında
sovurub apar məni;
Apar məni uzağa...
Qürubu yaxın edən
kədərim baş qaldırıb.
Bu sevgidən doymayan
o dəli məhəbbətdən
ürəyim şahə qalxıb...
Götürüb apar məni -
dalğaları yararaq
gəmilərin üzdüyü
qırçın ənginliklərə...
Sevmək nədir? – öyrəndim,
amma tez də unutdum;
Qar hər yanı sarıbsa
mən qışın gəlişində
kimi günahlandırım?!
Yaşanılmış hər günü
Əbədi sevəcəyəm.
Kimsənin olmasam da,
özüm də mən deyiləm
Öz özümə kölgəyəm...
Mən sevməyi öyrəndim,
bu asanmış, çox asan...
Heyf ki, eşitdiyim
Mənasız... xoş sözləri
qəlbimdən silməliyəm –
silib, unutmalıyam...
Heyf ki, mən həm səni
həm də səninlə bağlı
kim varsa... hamısını
yaddan çıxarmalıyam.
Yoxsa hər yaşananı,
hər xırda anı belə
daim yaşatmalıyam?..
Hər şeyi lap yenidən,
gündüztək başlamaqçun,
hissləri, duyğuları
ta canımdan qovacam.
Baxışlarını belə
yadımdan çıxaracam.
İnsan selində səni
görüb tanımayacam...
Ancaq qürub çağında...
Günəş üfüqdən itib
Göy üzü qaralanda... –
Bax, bircə o vaxt səni
anıb, xatırlayıram...
Anıb, xatırlayacam...
Ruscadan çevirəni: Mahir Qabiloğlu