18 May, 2011
Polşa Lyublin Rəqs Teatrı Bakıda tamaşa verəcək

Bu gün olacaq tamaşadan öncə teatrsahəsində Polşa-Azərbaycan əməkdaşlığı müzakirə olunub

Bu gün Akademik Milli Dram Teatrında ilk dəfə Polşa Lyublin Rəqs Teatrının tamaşası təqdim olunacaq. Teatrın Bakıda qastrol səfəri ilə bağlı keçirilən mətbuat konfransında Polşa-Azərbaycan əməkdaşlığından danışılıb. Səfər Polşanın Azərbaycandakı səfirliyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə gerçəkləşib. 

Teatrın mətbuat xidmətinin açıqlamasına görə, səfər teatr münasibətlərinin inkişaf etdirilməsinə və qarşılıqlı əlaqələrin qurulmasına yönəlib. Apreldə Polşaya səfər edən Azərbaycan teatr nümayəndələri aktyorluq peşəsi sahəsində təhsil sistemi və Polşanın teatr xadimləri ilə tanış olub, Varşava Teatr Görüşləri festivalında iştirak ediblər. Mayın 17-də isə Polşa aktyorları “Yuğ” teatrında ustad dərsləri keçirib.

Tamaşa saat 20:00-da oynanılacaq. “Nano” adlı səhnə əsəri insanların şübhələrindən, həyat problemlərindən, fərq və oxşarlıqlardan bəhs edir. “Nano” incəsənət naminə yaradılmış, özündə həm qadın, həm kişi keyfiyyətlərini birləşdirən insan vücududur. Artistlərin yeganə ifadə vasitələri rəqs, jestlər və işığın oyunudur.

Tamaşaya giriş pulsuzdur.

Lyublin Rəqs Teatrı 2001-ci ildə yaradılıb. ABŞ-da, İsveçrədə, Fransada, İspaniyada, Almaniyada və başqa ölkələrdə keçirilən beynəlxalq festivalların iştirakçısı olub.

Arifə Mikayılova






Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!