29 May, 2015
BP və nazirlik arasında yeni ƏMƏKDAŞLIQ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “BP Azərbaycan” şirkəti aralarında yaradılacaq əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, nazir müavini Mətin Kərimli nazirliklə BP şirkəti arasında əmək miqrasiyası, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, peşə və kvalifikasiya standartlarının hazırlanması və tətbiqi sahələrində mütəmadi müzakirələrin aparıldığını və bu sahələrdə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

“BP Azərbaycan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova koorporativ sosial məsuliyyət çərçivəsində şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, “BP Azərbaycan” şirkəti əmək təsnifatları, insan resursları, xarici əlaqələr sahəsində həyata keçirdiyi layihələri genişləndirmək niyətindədir.

Görüşdə bölgələrdə BP-nin və UNİCEF-in dəstək verdiyi “Sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması” layihəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı, eləcə də reigonlarda gənclərin və əlilliyi olan şəxslərin peşə hazırlığı və məşğulluğu sahəsində mümkün layihələrin hazırlanması müzakirə olunub. Görüşün sonunda birgə layihələr üzrə prioritetlərin müəyyən edilməsi məqsədilə ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!