27 May, 2015
O, Nuri Sərinləndirici üçün sevgili axtarışına çıxdı və...- FOTOLAR

Simsar.az xəbər verir ki, tanınmış estrada müğənnisi Nuri  Sərinləndirici yaxın günlərdə pərəstişkarlarını yeni mahnısı və klipi ilə sevindirəcək. Sevilən ulduz rus dilində yazılan"Ya, ya, ya (Mən, mən, mən) adlanan mahnısını bu dəfə də dəyişilməz duet ortağı Jane Şirokihlə birgə ifa edib.

Real hitə namizəd olacaq mahnının klip çəkilişləri haqda daha ətraflı məlumatı Nurinin yaradıcı layihələrinə rəhbərlik edən tanınmış teleparıcımız Lamiyyə  Ələkbərqızından aldıq:

"Əminliklə deyə bilərəm ki, sözləri İkram Əliyev, musiqisi Rəşad Bağırova məxsus olan mahnı bu yayın ən qaynar hitləri sırasında öz yerini tutacaq. Ritmik duet görüntü baxımından  yay ab-havasını tələb etdiyi üçün komanda olaraq qərar verdik ki, çəkilişlər Birləşmiş Ərəb Əmirliklərindən aparılsın. Yaradıcı heyət Rusiyadan birbaşa Dubaya səfər etdi. Mən və klipdə Nurini, Jane və balaca müğənnimiz Aylanı qrim etmiş stilist dostumuz Nura Babayeva, Bakıdan sözügedən şəhərə uçduq.

Ekran işinin süjet xətti var. Mən boşuna istedadlı Aylanın adını vurğulamadım. Ailəvi dostumuzun övladı olan bu qız həm mahnıda üçüncü ifaçı kimi öz səs imkanlarını üzə çıxardı, həm də Nurinin bacısı rolunda kameralar qarşısına keçdi. Süjet xəttinə görə Nuri və Jane bir məhəllədə yaşayan iki qonşu obrazını canlandırırlar. Ayla da israrla istəyir ki,  qardaşı qonşu qızına aşiq olsun. Və istəyinə çatmaqdan ötrü bütün imkanlarını səfərbər edir. Hətta klipdə elə kadrlar var ki, o, Nurini geyimdə olmasına baxmayaraq hovuza belə itələyir.

Tam detalları açıqlamaq istəmirəm, onu bilin ki, klipin sonunda o, bacı  qardaşını fikrini müsbətə doğru dəyişməyə müvəffəq olur".

Lamiyyə xanım onu da əlavə etdi ki, Nurinin iyun ayının ortalarında üzə çıxaracağı ekran işi Rusiyanın bir neçə musiqi telekanallarında nümayiş olunacaq. Məhz buna görə yaradıcı heyət rus dilində oxunan mahnıya klip çəkməyə üstünlük veriblər.

Müğənninin yenilikləri bununla da tamamlanmır.

Yay fəsli boyunca N.Sərinləndirici 10-a yaxın yeni mahnısını lentə aldırmaqdan ötrü istirahət demədən gününü səsyazma studiyalarında keçirəcək.

Yeni mahnılardan ikisinin söz müəllifi millət vəkili Qənirə xanım Paşayevadır. Bəstəkar Aynur Adilqızının bəstələdiyi bu mahnılarla yanaşı, müğənni həm də skripka ifaçısı Zamiqin yazdığı mahnını sevənlərinin ixtiyarına verəcək.
Ondan da xəbəriniz olsun ki,
tələbatlı müğənni payız aylarında paytaxtımızda möhtəşəm konsert proqramı ilə çıxış etməyi də qarşısına məqsəd qoyub.

Şahin Cavadsoy
Simsar.Az

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!