26 May, 2015
Röya cəzalanacaq - Səhlab Bağırov

Məlum olduğu kimi, müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib. Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb.

Məsələyə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov da münasibət bildirib. Simsar.az-ın “Aznews.az” itinadən xəbərinə görə, o, məsələ ilə maraqlandığını və lazımı addımların atılacağını bildirib:“İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: “Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!