26 May, 2015
Futbol hakimi olmaq üçün nə etmək lazımdır? – CAVAB

Futbol hakimliyi ikinci iş kimi, həm gəlirli, həm də prestijlidir. Məsələn, sığorta işçisi Cüneyt Çakır, memar Nikola Ritsoli və bir çoxları öz peşələri ilə yox, futbol oyunlarını idarə etməkləri ilə tanınırlar.

Yəqin ki, Azərbaycanda da kifayət qədər insan hakimliklə pul və şöhrət qazanmaq istəyər. Bəs bunun üçün nə etmək lazımdır?

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bütün qaydalar barədə Simsar.az-a danışıb.

“Hakimlik üçün müraciətlər hər ilin avqust ayında AFFA-da qəbul olunur. Burada tələb olunan bəzi sənədlərlə yanaşı, sağlamlıq haqqında arayış da təqdim edilməlidir. Daha sonra müraciətlər arasından seçim edilir. Əsasən, 23-25 yaşa qədər və fiziki cəhətdən qüvvətli namizədlərə üstünlük verilir.

Namizədlər seçildikdən sonra onlar növbəti mövsümün sonunadək təlimlərdə iştirak edirlər. Həftədə iki dəfə keçirilən dərslərdə onlara oyun qaydaları öyrədilir. Mövsümün sonunda isə onlar imtahanda öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Bunun üçün FİFA-nın fiziki hazırlıqla bağlı imtahanında və oyun qaydaları ilə bağlı nəzəri imtahanda yaxşı nəticə göstərmək lazımdır.

Bu imtahanları keçən namizədlər aşağı yaş qruplarına təyinatlar almağa başlayırlar. Burada onların idarəçilik qabiliyyəti, oyun qaydalarını hansı formada tətbiq etməsi nəzərdən keçirilir. Bu mərhələni də uğurla keçən namizədlər tədricən digər yaş qruplarına və yüksək liqalara təyinat alırlar”.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!