26 May, 2015
ABŞ Azərbaycanla əməkdaşlığa sadiqdir – Barak Obama

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 28 May Respublika Günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Simsar.az xəbər verir ki, təbrik məktubunda ABŞ prezidenti yazıb: “28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycan ilə əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız, həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!