25 May, 2015
“Türk dünyası qadın yazarları” Simpoziumu keçiriləcək – ÖZƏL

Türkiyədə “Keçmişdən bu günədək qadın qələmindən Qarabağ” adlı Simpozium keçiriləcək

Türkiyədə ilk dəfə olaraq “Keçmişdən bu günədək qadın qələmindən Qarabağ” adlı “Türk dünyası qadın yazarları” Simpoziumu keçiriləcək. Mayın 26-dan 30-dək paytaxt Ankara şəhərində reallaşacaq tədbir Azərbaycan Mədəniyyət Dərnəyi və Azərbaycanın Ankaradakı Konsulluğu tərəfindən təşkil edilib. Bu barədə Simsar.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar  artist Sənubər İsgəndərli bildirib. 
Simpoziumda Azərbaycanı bir qrup mədəniyyət və İncəsənət xadimləri təmsil edəcək. Tədbirdə Qarabağ Sənət Gecəsi təşkil ediləcək. Simpozium çərçivəsində S. İsgəndərlinin iştirakı ilə Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” tarixi-dramı əsasında hazırlanmış tamaşadan bir parça  nümayiş etdiriləcək. Əməkdar artist “Qarabağ” şerini də Simpozium iştirakçılarına təqdim edəcək.
Bununla yanaşı, uzun illərdir Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyor və rejissor, professor Cahangir Novruzov və başqa iştirakçılar Qarabağ ədəbiyyatı, şer və sənəti haqqında məruzələrlə çıxış edəcəklər.
Simpozium iştirakçılarına Azərbaycan xalq rəqsləri və Əməkdar artist Firuz Səxavətin ifasında muğam və təsniflərdən ibarət konsert proqramı da təqdim ediləcək.

Ümidə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!