25 May, 2015
Azərbaycanda ev tikmək asanlaşdı – Qanunun şərhi

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Simsar.az xəbər verir ki, qanun layihəsinə edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, əvvəllər müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edirdi. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulurdu.

Yeni dəyişiklikdə isə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətinə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətinə baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Bundan əlavə, əvvəllər Məcəlllənin 82-ci maddəsində qeyd edilirdi ki, tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə icazə barədə qərarı və xüsusi nişanı təqdim etdikdən sonra 3 iş günü ərzində bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməli idi.

Qəbul edilən dəyişiklikdə isə qeyd olunur ki, tikintiyə icazə verən orqanın öhdəliyi təklif olunan dəyişikliyə görə, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay yox, 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat veriləcək.

Eyni zamanda, əvvəlki Məcəlləcədə qeyd olunurdu ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Hazırkı Məcəllənin 80-ci (Məlumatlandırma icraatı) maddəsinə 1-1-ci maddəsinə əlavə edilib ki, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!