25 May, 2015
Hollivudda “Azərbaycan Milli Günü” keçiriləcək

Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may 2015-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.

Los Ancelesdəki baş konsulluqdan Simsar.az-a verilən məlumata görə, bununla bağlı şəhər meri Lindsey Horvath və şəhər şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və islam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.

Bildirilir ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verilib. Nəzərə çatdırılır ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.

Ötən 20 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm əhəmiyyətə malik Xəzər regionunda ABŞ-ın tərəfdaşına çevrildiyi vurğulanır.

Həmçinin qeyd olunur ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 may tarixini Milli Gün kimi qeyd edir.

Sonda 28 may tarixinin Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” olduğu bəyan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!