25 May, 2015
İcra başçısının müavini YAP-dan çıxarılıb

Binəqədi rayon icra başçısının müavini Aygün Əliyeva Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini və İdarə Heyətinin üzvlüyündən çıxarılıb.

Bu barədə “Qafqazinfo”ya məlumat daxil olub. Məlumatda qeyd edilir ki, mayın 16-da GB-nin 4-cü hesabat konfransında A. Əliyevaya xəbərdarlıq edilərək sədr müavini vəzifəsindən azad edilib.

“Qafqazinfo” məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucovla əlaqə saxlayıb. O bildirib ki,  A. Əliyeva hazırda Gənclər Birliyinin Şura üzvüdür: “O, bizim ən yaxın komandamızın iştirakçısıdır. Sadəcə olaraq hesabat konfransı keçirilib və yeni tərkib formalaşdırılıb. A. Əliyevanın işinin çoxluğunu nəzərə alaraq, Nümayəndə Heyəti qərar verib ki, o, GB-nin sədr müavini və İdarə Heyətindən çıxarılsın. Ona fəaliyyəti ilə bağlı xəbərdarlıq edilməyib. Bunu deyənlər şər atmasınlar. Məlumatı yayanlar yəqin ki, onun fəaliyyətini istəməyənlərdir”.

S. Orucov yeni tərkibdə formalaşanların adlarını da açıqlayıb. Qeyd edib ki, əvvəllər sədr müavini postunda beş nəfər təmsil olunurdu: “İndi isə dörd nəfərdir. Ramin Məmmədov, Samirə Quliyeva, Aytac Əliyeva köhnə tərkibdə olan sədr müavinləridir. Yeni daxil olan sədr müavini isə Əli Pənahovdur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!