23 May, 2015
Qənirə Paşayeva qolsuz və gözsüz əlilin evində olub - FOTOLAR

Millət vəkili Qənirə Paşayeva gözdən birinci qrup əlil Kərəm Əyyam oğlu Məcidovun ailəsini ziyarət edib, onların qayğı və problemlərlə maraqlanıb.

Simsar.az xəbər verir ki, millət vəkili əlilin fikir və qayğılarını dinləyib və fikir mübadiləsi aparıb.

Millət vəkili uşaqlarını sağlam şəraitdə böyütmək istəyən Kərəm Məcidovun ev probleminin tezliklə həlli istiqamətində lazimi addımların atılacağını bildirib.

K.Məcidov Xətai Rayon İcra Hakimiyyəti tərəfindən ev növbəsinə yazılsa da adı çəkilən qurumdan hələ də müsbət cavab ala bilmədiyini söyləyib.

“Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüb aztəminatlı ailə olaraq K.Məcidovun tez bir zamanda evlə təmin olunması üçün danışacam. Milli Məclisin plenar iclasında I qrup əlillərin mənzillə təminatı ilə bağlı məsələni qaldıracam. Xüsusən  çoxuşaqlı və aztəminatlı olan belə ailələrin ev problemlərinin həll olunması vacib məsələdir”, - deyə millət vəkili söz verib.


Məlumat üçün bildirək ki, gözdən birinci qrup əlil Kərəm Əyyam oğlu Məcidovun bir gözü süni, digəri isə zəif görür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və 4 aylıq körpəsi ilə yaşayır.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!