13 May, 2011
Yol polisi işçi axtarır

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

 

İdarədən Simsar.az-a verilən məlumata görə, müsabiqədə yalnız hüquq və avtomobil nəqliyyatına aid ixtisaslar üzrə ali və orta ixtisas təhsilinə, sürücülük vəsiqəsinə, kompüter texnologiyaları sahəsində müvafiq biliyə malik, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini başa vurmuş Azərbaycan vətəndaşları iştirak edə bilər.

Boyu 175-dən aşağı, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verənlər müsabiqədə iştirak edə bilər.

Daxili işlər orqanlarında yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslər sənədlərini BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında mayın 16-dan 31-dək hər gün (bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək təqdim edə bilərlər. Müraciət edənlər şəxsiyyət vəsiqəsi, orta ixtisas və ya ali təhsil haqqında diplom, hərbi bilet, əmək kitabçası və sürücülük vəsiqəsini təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında vətəndaşın müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Namizədlər yol hərəkəti qaydaları üzrə biliklərin və sürücülük vəsiqələrinin yoxlanılması üçün nəzəri və praktiki imtahanlara cəlb olunur, onların kompüter bilikləri və bacarıqları mütəxəssislər tərəfindən öyrənilir.

Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının 30 yaşına qədər olan əməkdaşları üçün müəyyən edilmiş tapşırıqlar və normativlər əsasında yoxlanılır.

Bu tapşırıqlar və onların yerinə yetirilməsi üzrə minimal normativlər:

Qaçış: 100 metr - 15 saniyə, 1000 metr - 4 dəqiqə, turnikdə dartınma - 6 dəfə.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!