13 May, 2011
Əli Həsənov qaçqın və köçkünlərə xərclənən pullardan danışdı

Hər ay bir köçkünə 684 manat xərclənir 

Azərbaycanın Bakı və Sumqayıt şəhərlərində məcburi köçkünlərin məskunlaşdığı 1210 evdən köçkün ailələrin köçürülməsinə başlanılıb. Simsar.az-ın məlumatına görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün keçirdiyi mətbuat konfansında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlərə başlanıb və artıq 20-dək ailə köçürülüb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, yaxın iki-üç ay ərzində Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək.

"Hazırda Goranboy rayonunda doqquz beşmərtəbəli binanın tikintisi gedir. Tikinti işləri bu il başa çatacaq. Həmin binalara hazırda Naftalan sanatoriyasında yaşayan məcburi köçkünlər yerləşdiriləcəklər. Beləliklə, Naftalan sanatoriyası tam boşaldılacaq. Yaxın günlərdə Mingəçevirdə 10 doqquzmərtəbəli binanın tikintisinə başlanacaq. Bakı Dövlət Univeristetinə məxsus yataqxanalardakı köçkünlər də, tədricən başqa binalara köçürüləcək", - Baş nazirin müavini deyib.


Həsənovun sözlərinə görə, 1993-cü ildən bəri məcburi köçkünlərin işləri ilə bağlı ümumilikdə 3,7 milyard manat xərclənib.

Ə.Həsənov bildirib ki, beyəlxalq təşkilatların və dövlətlərin günahı ucbatından Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır.

Ə.Həsənov qeyd edib ki, hər bir məcburi köçkün üçün ayda 684 manat vəsait xərclənir. Bu münaqişəli ərazilərdə ən böyük rəqəmdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!