28 Aprel, 2015
Saxta pulla alış-veriş

Bir neçə gün əvvəl gecə saatlarında Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində naməlum şəxs Bakı şəhər sakinləri Elçin Ələsgərovun və Səyyad İsmayılovun mağazalarında hər birinə bir ədəd 20 manatlıq saxta əskinas verərək alış-veriş edib. Ancaq sonradan polis onu zərərsizləşdirə bilib.

Simsar.az anspress-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsin İsmayıllı rayon sakini 20 yaşlı Cəfərli Coşqun Ələkbər oğlu olması müəyyən olunaraq tutulub. Öz ifadəsində Coşğun Cəfərli həmin saxta əskinasları Bakının Nizami rayonu, 8-ci km qəsəbəsində tapdığını deyib.

Əskinasların saxta olduğunu dəqiqləşdirən Coşğun onlardan yaxasını qurtarmaq əvəzinə, pula çevirmək qərarına gəlib. Beləcə yaşadığı ünvana gedənə qədər bir neçə dəfə ayrı-ayrı mağazalara girən 20 yaşlı gənc həmin dəyərsiz kağız parçalarını dəyərləndirib.

Satıcının ayıq-sayıqlığı Coşğunun saxta əskinaslara olan coşğun həvəsinə də son qoyub. Bundan sonra əraziyə polis əməkdaşları çağırılıb və o saxlanılıb. Bu cinayət əməli hazırda Binəqədi RPİ-nin istintaqçıları tərəfindən araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!