27 Aprel, 2015
Nazirlikdən malyariya ilə bağlı MƏLUMAT

Səhiyyə Nazirliyi: “Son illərdə Azərbaycanda yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb”

Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə isə 2 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmiz üçün xarakterik deyil. Bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilib ki, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirmişdi. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb.

Dünya Səhiyyə Təşkilatının (DST) hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Problem 2009-cu ildə dünyada daha aktual olub və dünya əhalisinin yarısı, yəni 3,3 milyard insan malyariya təhlükəsi qarşısında qalıb.
milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. Hal hazırda milli məqsədə nail olunub.

Qeyd edək ki, Ümumdünya Malyariya Günü, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

Aysel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!