27 Aprel, 2015
Jurnalistlərin binası gələn ilə hazır olacaq

“Jurnalistlər üçün tikilən binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur”.

Simsar.az xəbər verir ki, bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında bildirib.

V.Səfərli vurğulayıb ki, hazırda tikinti işləri davam edir: “Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Ancaq onu demək çətindir ki, bina bu ilin sonuna qədər təhvil veriləcək, ya yox... İş gedir. Binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur. Biz istəyirdik ki, ilin sonuna qədər yekunlaşsın, görək necə olacaq”.

Yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq.

Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.

2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib.

Ümumilikdə 156 Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndəsi mənzillə təmin olunublar. Elə həmin gün növbəti binanın təməli qoyulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!