11 May, 2011
Futbolda qadın hakimlərin sayı çoxaldılsın

Qaydalara dəyişikliklər təklif olundu

 “FİFA-2014” işçi qrupu ilk görüşünü keçirib.

Simsar.az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə futbol qaydalarına bir sıra dəyişikliklərin edilməsi təklif olunub. 

Dəyişikliklər icazə verilən oyunçu əvəzləmələri sayı, oyundankənar vəziyyətin müəyyənləşdirilməsi və “son ümid folu” ilə əlaqədar cəzalandırılmanı əhatə edə bilər. İşçi qrupunun üzvləri ilk növbədə, gənclərdən ibarət komandalar arasındakı oyunların əlavə vaxtında dördüncü əvəzləməyə razılıq verilməsini təklif ediblər. Cərimə meydançasında penalti, qırmızı vərəqə və diskvalifikasiyadan ibarət üçqat cəzalandırılmaya da baxıla bilər. Təklif edilib ki, yalnız futbolçunu qol vurmaq imkanından məhrum edən kobud qayda pozuntuları qarşılığında üçqat cəzalandırılma saxlanılsın. Digər hallarda sarı vərəqə və penalti ilə kifayətlənmək də olar.

17 yaşadək yeniyetmələr arasında əlavə vaxtın ləğvi, penaltilər seriyasının isə oyundan dərhal sonra yerinə yetirilməsi istənilib. Habelə, qadın hakimlər və qadın məşqçilərin dünya futbolundakı sayının artırılması təklif edilib.

İşçi qrupunda dünyaca məşhur futbolçular - Frants Bekenbauer, Bobbi Çarlton, Demetrio Albertini, Kafu, Fernando Yerro və digər məşhurlar təmsil olunur

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!