17 Aprel, 2015
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Simsar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!