17 Aprel, 2015
Papanın “soyqırım” deməsi Obamaya təsir edə bilərmi? – EKSPERT RƏYİ

Hər il ənənəvi olaraq nüfuzlu təşkilatların və aparıcı dövlətlərin Ermənistana “sevgi” elan etməsi, bu il daha “romantik” formada həyata keçirildi. Roma Papası I Fransisk 20-ci əsrdə ilk soyqırımın “erməni soyqırımı” olduğunu deməsindən sonra Türkiyədə və Azərbaycanda bu bəyanata qarşı ciddi təpki verildi. Bəyanatdan 2 gün sonra Avropa Parlamentinin “soyqırım”la bağlı 12 maddəlik qətnamə qəbul etməsi isə bu qurumun ikili standarlarla idarə olunmasını təsdiqlədi.

ABŞ dövlət departamentinin “erməni soyqırımı” ilə bağlı səslədirdiyi bəyanat təsəlli verici oldu. Amma buna baxmayaraq prezident Barak Obamanın son sözü hər şeyi dəyişə bilər. Ehtimal olunur ki,  I Fransiskinin son çıxışı Obamanın “erməni soyqırımı” ilə bağlı mövqeyinin dəyişməsinə səbəb ola bilər.

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu günə kimi ABŞ-a rəhbərlik edən prezidenlərin heç biri  “erməni soyqırımı” ifadəsini səsləndirməyib: “Obama da istəməz ki, bu məsələdə birinci olsun. Faktiki olaraq ABŞ konqresi də “erməni soyqırımı” ilə bağlı qərar qəbul etməyib”.

Politoloq hesab edir ki, Avropa Parlamentinin “erməni soyqırımı”nı tanıması Türkiyənin xarici siyasətindən asılı olan məsələdir: “Bu qətnamənin qəbul olunması Türkiyə xarici siyasətində yeni dəyişikliklərə işarə idi. Hər şey ikitərəfli münasibətlərdən aslıdır. Düşünürəm ki, “soyqırım” məsələsi mənəvi məsələ deyil. Bu, sırf siyasi məsələdir və təzyiq vasitəsi kimi istifadə olunur”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!