17 Aprel, 2015
Avtobus sürücülərinin yeni oyunu – PROBLEM

“Hansı yolla istəyirik, o yolla da gedirik”

Bakı şəhərindəki marşrutlardan indiyə qədər çox sayda şikayətlər edilib və bir bu qədər də yazılar yazılıb. Amma görünən odur ki, hələlik bu sahədə düzələn bir şey yoxdur. Çünki şikayətlər səngimək bilmir. Əksinə, şikayətlərin sayı durmadan artmaqda davam edir. Bu dəfə şikayət avtobus sürücülərinin onlar üçün müəyyən olunmuş xətlə hərəkət etmədikləri ilə bağlıdır. Redaksiyamıza daxil olan şikayətləri nəzərə alaraq bildiririk ki, 86, 65, 96 və 79 saylı  avtobus sürücüləri hansı yol boşdursa, o istiqamətlə də hərəkət edirlər. Yəni, marşrutlar üçün əvvəlcədən təyin olunmuş xətt onlara maraqlı deyil. Onları vaxtı  qabaqlamaq, ərazilərinə tez çatmaq və daha çox pul qazanmaq maraqlandırır. Sərnişinlər isə məlumatsız halda hər gün pik saatlar və axşam 20:00-dan sonra bu avtobusları gözləməli sonda isə iki avtobus dəyişmək məcburiyyətində qalırlar.

Bu dəfə də şikayət 86 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobuslarındandır. Bu marşrutdan daha çox istifadə edənlər Memar Əcəmi və Badamdar istiqamətində yaşayan sakinlərdir.

Şəhər sakinləri də bu vəziyyətdən narazılıq edirlər. Səxavət Abbasov adlı sakinin şikayətində yazılıb:
“Mən hər gün Dövlət Statistika Komitəsinin qabağından 86 saylı marşrutla evə gedirəm. Bu dəfə axşam saat 20-30-dan Komitənin yaxınlığındakı dayanacaqda 86 saylı avtobusu gözləməli oldum. Təxminən 2 saat gözlədikdən sonra başqa avtobusa minib Elmlər Akademiyasına getdim. Adı çəkilən avtobusa orada minməli oldum. Sürücüdən soruşanda ki, niyə Statistika Komitəsinin qabağından işləmirsiz? Cavab verdi ki, saat 6-dan sonra o yolla işləmirik. Niyəsinə isə cavabı belə oldu ki, hansı yolla istəyirik o yolla da gedirik, özümüz bilərik”.

Onu da bildirək avtobus sürücülərinin bu özbaşnalıqları ilk deyil eyni hal 65, 96 və 79 saylı avtobuslarda da müşahidə olunmaqdadır.

Sürücülər çəkinmədən ictimai nəqliyyat vasitəsi hesab olunan avtobus marşrutlarından öz şəxsi malları kimi istifadə edirlər. Maraqlıdır, bu səlahiyyəti onlara kimlər verir? Görəsən, məsul qurumların avtobus sürücülərinin bu özbaşnalıqlarından xəbərləri varmı?

Görünür, kimə necə sərf edir elə də davranır, əziyyət isə sadə vətəndaşın üzərinə düşür. 40 qəpiklik yolu 80 qəpiyə getməli olur. Hər gün 100-lərlə belə sərnişin saatlarla avtobus gözləməli olur, qazanan isə... Atalar demiş, “dama-dama göl olar”. Belə davam etsə, tezliklə Bakıda keçiriləcək I Avropa Oyunları üçün nəqliyyat vasitəsindən istifadə edəcək xarici qonaqlar dayanacaqda sabahlamalı olacaqlar.

Mövzuya qayıdacağıq.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!