11 May, 2011
Səhiyyə Nazirliyində Milli Koordinator

Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi kommunikasiya fəaliyyətlərini təşkil edəcək

Səhiyyə Nazirliyi 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət üçün Azərbaycanda bu mühüm təşəbbüsün həyata keçirilməsi ilə bağlı fəaliyyətləri əlaqələndirəcək Milli Koordinatoru təyin edib. 

Simsar.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, milli koordinator çoxsahəli Milli Tədbirlər Planının işlənib hazırlanmasının əlaqələndirilməsinə də cavabdehlik daşıyacaq. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə üzrə Nümayəndəliyi və digər tərəfdaşlarla əməkdaşlıq əsasında Azərbaycanda 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətə təkan verəcək mühüm tədbiri, eləcə də bir sıra kommunikasiya fəaliyyətlərini təşkil etməkdədir. 

Xatırladaq ki, BMT Baş Assambleyasının 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyəti bəyan edən qətnaməsi (A/64/255) Rusiya Federasiyası Hökuməti tərəfindən təqdim edilib və 90-dan çox ölkə tərəfindən dəstəklənib. 2011-2020-ci illərdə Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyət bütün dünyada nəqliyyatın hərəkəti ilə bağlı artmaqda olan ölüm və xəsarət hallarının qarşısını almaqla, insan həyatını xilas etmək məqsədi daşıyır.

Hesablamalara görə, hər il dünyada avtomobil qəzaları nəticəsində 1,3 milyondan çox insan həyatını itirir. ÜST-ün Avropa Regionunda 120 min insan avtomobil qəzaları nəticəsində həlak olur və 2 milyondan çox insan xəsarət alır və əmək qabiliyyətini itirir. Bu da ümumilikdə milli səhiyyə sistemlərinin və təşkilatlarının üzərinə böyük yük qoyur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!