7 May, 2011
“İçərişəhər”də yeni kitab evi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən XVII əsr abidəsi Məktəb-Məsciddə “Əli və Nino” kitab evinin açılışı keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, əsası 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən qoyulan Məktəb-Məscid yenicə bərpa edilib, günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilib və fasadı tarixi görkəminə qaytarılıb: “Qız Qalası yaxınlığında yerləşən və əvvəlki dövrdə məktəb kimi fəaliyyət göstərib tələbələrə orta dini təhsil verən Məktəb-Məscidin hansı istiqamət üzrə fəaliyyət göstərməsi müzakirə ediləndə qərara aldıq ki, bura məhz kitabın təbliğ olunduğu bir yerə çevrilsin”. 

S. Nuriyev qeyd edib ki, İçərişəhərdə məhz bu adda kitab evinin açılması böyük hadisədir: “Məşhur “Əli və Nino” romanındakı hadisələr də məhz İçərişəhərdə baş verir. Ümid edirik ki, bu məkan kitabla yanaşı, həm də İçərişəhərin dəyərlərinin təbliğ olunduğu bir yer olacaq. Bu il Azərbaycanda “Turizm İli”dir. Belə layihələrlə biz İçərişəhərə daha çox turistin cəlb olunmasına nail olacağıq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!