1 Aprel, 2015
Ermənistan himnini oturaraq dinləyən imançımıza CƏZA

 

Ceyhun Məmmədov: “Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra birgə şəkil çəkdirməzdi”

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Simsar.az-ın "report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

C.Məmmədovun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən, onu ayaq üstə dinləməmək düzgün deyil".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!