1 Aprel, 2015
Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun təmiri davam edir

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Simsar.az-a verilən məlumata görə, əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 11 km yol əsaslı təmir olunub. Hazırda daha 3,4 km yolun təmirinə başlanılıb.

Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də nəzərdə tutulur.

Əsaslı təmir işləri başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!