31 Mart, 2015
Azərbaycan və Ukrayna yaxın tərəfdaşdır - Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə E. Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycanla Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd edən E. Məmmədyarov hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə çatdırıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri R. Nəsirov Azərbaycanla əlaqələrin inkişafına əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycanla müxtəlif sahələrdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycanla Ukrayna arasında kənd təsərrüfatı, sənaye, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, əlaqələrin daha da inkişafı baxımından hökumətlərarası müştərək komissiyanın əhəmiyyəti vurğulanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!