6 May, 2011
KİVDF qalibləri açıqladı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. 

Fonddan Simsar.az-a verilən məlumata görə, Müşahidə Şurası aprelin 25-də elan edilmiş “Azərbaycan media məkanında ədəbi dilin qorunması” mövzusunda layihə müsabiqəsi və regionlarda konfransların keçirilməsi ilə bağlı məsələləri müzakirə edib. 

Fondun icraçı direktoru Vüqar Səfərliyə deyib ki, Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması və .Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqamətləri üzrə elan edilmiş müsabiqəyə ümumilikdə 7 layihə təqdim olunub. Bu layihələrdən 2-si birinci istiqamətə, 5-i ikinci istiqamətə təqdim olunub. Layihələrin surətləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə paylanılıb və onlar təqdim olunmuş layihələrlə yaxından tanış olublar. Sonra Müşahidə Şurasının üzvləri layihələrlə bağlı müzakirələr apararaq səsvermə yolu ilə qalibləri müəyyənləşdiriblər.

Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Elektron Mediaya Yardım Fondunun layihəsi, Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunması istiqaməti üzrə Mətbuat Şurasının layihəsi qalib elan olunub.

Regionlarda konfransların keçirilməsi məsələsi Müşahidə Şurasının üzvləri arasında geniş müzakirə olunub və onlara 10 gün ərzində təklifləri hazırlayaraq Fonda təqdim etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!