30 Mart, 2015
Şamaxıda 4 bal gücündə ZƏLZƏLƏ

Bu gün Şamaxıda ikinci zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Simsar.az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 15:22-də Pirquludan 13 km şimalda Şamaxı ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 6 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İlk zəlzələ isə bu gün yerli vaxtla saat 14:54-də Pirquludan 13 km şimalda - Şamaxı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, hazırda həmin ərazidə proseslər gedir. Onun sözlərinə görə, zəlzələdən sonra “afterşoklar”ın olması gözlənilir: "Şamaxı ən aktiv zəlzələ zonalarından biridir və burada güclü zəlzələ ocaqları yerləşir. Ona görə də həmin zonada zəlzələnin baş verməsi əvvəldən gözlənilən idi".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!