30 Mart, 2015
"Bakı-2015"in təhlükəsizliyinə hansı dövlətlər təminat verir?

“Bütün ölkələr I Avropa Oyunlarının təhlükəsiz keçirilməsində maraqlıdır”.

Bunu Simsar.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, istənilən kütləvi tədbirlər terrorçular üçün əlverişli amildir: “Güman edirəm ki, bir çox ölkələr təhlükəsizlik məsələsində maraqlıdır. Artıq bu istiqamətdə müəyyən işlər görülür. Eyni zamanada Azərbaycanın bu sahədə tərəfdaşı olan beynəlxalq antiterror koalisiyasına üzv olan ölkələr də var. Azərbaycan özü də Əfqanistanda və İraqda keçirilən antiterror əməliyyatlarında koalisiyasının üzvü olaraq uğurlu iştirak edib. Bu gün də həmin əməkdaşlıq davam edir”.

“Azərbaycan bu sahədə istər Rusiya, istərsə də NATO-ya üzv olmayan digər dövlət, xüsusi ilə İsraillə geniş əməkdaşlıq edir. Məhz buna görə də Azərbaycan I Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsində tək deyil”, - deyə politoloq bildirib.

Mərkəz rəhbəri hesab edir ki, I Avropa Oyunları keçirildiyi zaman Ermənistanın atəşkəsi pozmayacağına və təxribatlar törətməyəcəyinə Rusiya təminat verə bilər: “Bu gün Ermənistan Rusiyadan idarə olunur. Buna əsaslanaraq deyə bilərəm ki, Ermənistanın sabit dayanacağına rəsmi Moskva tam təminat verə bilər. Əgər Rusiya bu təminatı verərsə, Ermənistanın atəşkəsi pozmağa cəsarəti çatmaz. Gümrü hadisələrinin fonunda Ermənistanın Rusiyanın sözünə əməl etməməsi nəzəri çəhətdən mümkündür. Amma bu Ermənistana baha otura bilər. Çünki belə olan halda Ermənistan, yalnız Rusiyanın maraqlarına deyil, bütövlükdə beynəlxalq maraqlara toxunmuş olar”.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!