30 Mart, 2015
Əcnəbilərə verilən uşaqlar ciddi nəzarətdədir - Dövlət Komitəsi

“Bu gün Azərbaycanda əcnəbi vətəndaşlara verilən uşaqlar ciddi nəzarət altındadır. Əcnəbilərə övladlığa verilən uşaqlara nəzarət edən Azərbaycan və dünyada akkreditasiyadan keçmiş təşkilatlar, həmçinin uşağı övladlığa götürən valideynlər üç il ərzində hər altı aydan bir video çəkiliş, fotoşəkillər, tibbi, sağlamlıq və psixoloji vəziyyəti haqda arayış, eyni zamanda uşağın təhsil aldığı məktəbdən şəkilləri təsdiq edilmiş halda bizə təqdim edirlər”.

Bu sözləri APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

E. Səfərov əcnəbilərə verilən uşaqların məhkəmə qərarı ilə vətəndaşlığına xitam verildiyini bildirib: “Övladlığa verilmə məsələləri ilə birbaşa 2007-ci ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğul olur. Əvvəllər bu məsələ Nazirlər Kabinetinin səlahiyyətində idi. Zaman-zaman övladlığa verilən uşaqlarla bağlı mənfi xəbərlər olurdu. Artıq belə bir hallar müşahidə olunmur. Biz uşaqların maraqlarını qorumaq üçün onlara nəzarəti daha da gücləndiririk. Uşaq verilən ölkənin vətəndaşlığını alır və birbaşa həmin dövlətin vətəndaşı hesab edilir. Düzdür, onun Azərbaycan vətəndaşlığı itirilməmiş də sayılar bilər. Bu isə daha çox valideynlərdən asılıdır”.

E. Səfərov bildirib ki, 2007-2014-cü illərdə 43 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib: “Siyahıda daha çox əslən Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edir. Siyahıda Fransa, İsveçrə və azərbaycanlılarla ailə quran Türkiyə vətəndaşları da var. Afrika, Avstraliya və Asiya qitələrindəki ölkələrdən indiyədək övladlığa götürmə ilə bağlı müraciət daxil olmayıb”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!