30 Mart, 2015
ABŞ-ın Skoki şəhərində Azərbaycanın bayrağı ucaldılıb

Diasporumuzun ABŞ-ın İllinoys ştatının Skoki şəhərində yaşayan üzvlərinin təşəbbüsü ilə şəhərin ən böyük və məşhur parkında Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı ucaldılıb.

Simsar.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bayrağımız Çikaqo çayının şimal sahilində yerləşən Skoki Şimal sahili heykəltəraşlıq parkında (Skokie Northshore Sculpture Park) Azərbaycan diasporunun üzvləri Yavuz Əlili, Teymur Mehmandarov, Əli Əzimov, Əli Qasımov və Emin Səfərovun şəhər merinə birgə müraciəti əsasında qaldırılıb.

İllinoys ştatının Kuk əyalətində yerləşən və əhalisi 65 mindən çox olan Skoki şəhəri muzey, park və təbii istirahət mərkəzləri ilə məşhurdur. Skoki Şimal sahili heykəltəraşlıq parkının əsası eyni adlı qeyri-hökumət təşkilatının və yerli əhalinin dəstəyi ilə 1988-ci ildə qoyulub. Hazırda bu parkda yerli və beynəlxalq səviyyəli incəsənət xadimlərinin 60-dan çox memarlıq və heykəltəraşlıq əsəri mövcuddur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!