6 May, 2011
“Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında”

Slavyan Universitetində şagird-tələbə elmi konfransı

Bu gün Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin ideyaları işığında” mövzusunda Şagird-Tələbə Elmi Konfransı keçirilib. Kompleksin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən BSU-nun rektoru, professor Kamal Abdullayev bildirib ki, Azərbaycan təhsili sıçrayış dönəmindədir və bu inkişafın təməli məhz Heydər Əliyevin əməyi üzərində qurulub: “Bu gün Rusiya və Belarusda “Azərbaycan dili və mədəniyyəti mərkəz”ləri fəaliyyət göstərir. Orada başqa millətdən olan tələbələr azərbaycanşünaslıq ixtisasına yiyələnir və bizim dilimizi həvəslə öyrənirlər. Azərbaycanın bugünkü beynəlxalq durumuna, hökm sürən ictimai-siyasi sabitliyinə, yüksək iqtisadi potensialı və mədəni irsinə görə xarici ölkələrdə dilimizi öyrənməyə ehtiyac duyurlar. Ölkəmizin geniş perspektivlərini müşahidə edərək onlar məhz Azərbaycan üzrə mütəxəssis olmaq istəyirlər. Bugünkü milli qürurumuza görə biz ulu öndər Heydər Əliyevə minnətdarıq”.

Sonra K. Abdullayev qaçqın məktəblərindən gəlmiş müəllim-şagird kollektivini BSU-da “Müasir Azərbaycanşünaslığın problemləri” mövzusunda keçirilən II Beynəlxalq konfransın bağlanışına dəvət edib. Konfransın işi “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Ulu öndər və müasir Azərbaycan təhsili”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti və ədəbiyyatı”, “Ulu öndərin irsini necə öyrənir və təbliğ edirik?”, “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” bölmələri üzrə təşkil olunub.

Bakı Türk Anadolu Liseyinin direktor müavini Özgen Dikmen lisey şagirdlərinin bu konfransa böyük həvəslə qatıldıqlarını bildirib. Ö. Dikmen qeyd edib ki, BSU qaçqın şagirdlərə böyük diqqət göstərir və onları elmi axtarışlara sövq edir.

Cəbrayıl rayon Çərəkən orta məktəbinin direktoru Əziz Musayev isə çıxışında Heydər Əliyevin qaçqın düşərgəsinə gəlişi və çadırlarda dərs keçən şagirdlərə şəxsi qayğısı haqqında danışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!