29 Mart, 2015
Qəmər Almaszadənin yubileyinə balet həsr olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Azərbaycanın görkəmli balerinası, istedadlı pedaqoq və baletmeyster, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş tamaşaların nümayişini davam etdirir.
Bu sıradan növbəti tamaşa aprelin 5-də baş tutacaq Ə.Bədəlbəylinin “Qız qalası” baleti olacaq.
Məlum olduğu kimi premyerası aprelin 16-da 1940-cı ildə baş tutan bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olmuş və uzun illər tamaşada Gülyanaq rolunu ifa edib.
Artıq 75 ildir ki, “Qız qalası” Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur və hər zaman geniş tamaşaçı auditoriyası toplayır.
Aprelin 5-də keçiriləcək tamaşada əsas rollarda Azərbaycan Respublikasının Xalq Artisti Gülağası Mirzəyev (Polad), Əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər.
Tamaşanın dirijoru  Xalq Artisti, professor Cavanşir Cəfərovdur.


Nigar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!