6 May, 2011
Əli Əhmədov inanmır

“ABŞ Gürcüstanla birləşib Azərbaycanda inqilab etmək istəyir” xəbəri araşdırılacaq

Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov Azərbaycanla bağlı Gürcüstan mətbuatında yer alan yazılara münasibət bildirib.  

Simsar.az-ın məlumatına görə, ABŞ-ın Gürcüstan hökuməti vasitəsilə Azərbaycanda inqilabi proseslərə dəstək verir xəbərini yerli mətbuatdan oxuduğunu deyən. Ə.Əhmədov bunun nə dərəcədə həqiqətə uyğun olması haqda fikir söyləməyin mümkünsüz olduğunu bildirib: “Bəzən həqiqət çox sifətli olur. Həqiqət ondan ibarətdir ki, Azərbaycandan kənarda olan bəzi qüvvələr, ölkəmizdə sabitliyin pozulmasına cəhdlər göstərirlər. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda sabitliyi pozmağa çalışan qüvvələr öz niyyətlərinə nail ola bilər, ya yox”.

Ə. Əhmədov onu da deyib ki, Azərbaycan dövləti kifayət qədər möhkəm dayaqlar üzərində qərar tutduğundan, kiminsə burada sabitliyi pozmaq istəyinin həyata keçirilməsi real görünmür: “Digər tərəfdən isə Azərbaycan hökuməti ilə Gürcüstanın rəsmi dairələri arasında kifayət qədər səmimi münasibətlər formalaşıb. Hesab edirik ki, hər iki ölkə strateji dostluq və əməkdaşlıq əlaqələri qura biliblər. Azərbaycan bu münasibətlərə ciddi diqqət yetirir və qiymətləndirir. Həmçinin əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır. Gürcüstan da Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Bu mənada Gürcüstanın bu prosesdə iştirakına inanmaq istəmirəm. Hər halda bu xəbərlər yayılıb və bunları araşdırmaq, həqiqətə uyğun olub-olmadığını öyrənmək lazımdır”.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!